Azərbaycan Hərbi Dəniz Qüvvələri beynəlxalq sərgidə

120

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti SAHA 2026 müdafiə sərgisi çərçivəsində Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin stendini ziyarət edib.

Ziyarət zamanı nümayəndə heyətinə MKE-nin dəniz müdafiəsi sahəsində hazırladığı məhsullar, xüsusilə də PİRANA kamikadze insansız dəniz aparatı (İDA) təqdim olunub.

Qonaqlara həmçinin MKE-nin Azərbaycandakı nümayəndəliyi olan “Makine Kimya Azerbaycan” (MKA) şirkətinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Məlumata görə, PİRANA asimmetrik müharibə şəraiti nəzərə alınaraq “Effektiv–Sadə–Ucuz” konsepsiyası əsasında hazırlanmış suüstü kamikadze insansız dəniz aparatıdır. Sistem həm fərdi, həm də “sürü” konsepsiyası ilə fəaliyyət göstərə bilir.

Bu konsepsiyaya əsasən, əməliyyat zamanı bəzi PİRANA aparatları düşmənin radar və müdafiə sistemlərinin diqqətini üzərinə çəkir, aşağı radar izinə malik digər aparat isə üzərindəki döyüş başlığı ilə hədəfi aşkarlanmadan məhv edir.

PİRANA radio tezlik (RF) və peyk rabitəsi (SATCOM) vasitəsilə uzaqdan idarə oluna və ya tam avtonom rejimdə fəaliyyət göstərə bilir. Peyk üzərindən idarəetmə sistemi aparatın minlərlə kilometr məsafədən fasiləsiz idarə olunmasına imkan yaradır.

Saatda 40 knotdan artıq sürətə və yüksək manevr qabiliyyətinə malik olan PİRANA 100 kiloqramlıq döyüş başlığı daşıyır və 200 dəniz milindən artıq əməliyyat radiusuna sahibdir. Bu xüsusiyyətlər sistemə uzaq məsafələrdə sürətli və effektiv əməliyyat imkanları qazandırır.