Somali quldurları gəmini atıb qaçdı

96

Ədən körfəzində bir neçə gündür gəmilərə hücum edən pirat qruplarından biri fəaliyyətini dayandırıb. Somalinin Puntlend bölgəsindən alınan məlumata görə, ələ keçirdikləri “Fahad-4” adlı “dou” tipli gəmidə azuqələri tükənən quldurlar artan təhlükəsizlik tədbirləri səbəbindən gəmini tərk edərək geri çəkilməyə məcbur olublar.

11 nəfərlik qrup aprelin sonunda BƏƏ-yə  məxsus bu gəmini qaçıraraq ondan “ana gəmi” kimi istifadə etməyə başlamışdı. Aprelin 28-də onlar həmin gəmi ilə 105 475 tonnajlı “Minerva Pisces” neft tankerinə hücum etsələr də, gəmidəki silahlı mühafizəçilərin müqaviməti nəticəsində uğursuzluğa düçar olmuşdular.

Hazırda azı üç ticarət gəmisi — “Eureka”, “Honour 25” və “Sward” hələ də piratların nəzarətindədir. Quldurlar əsir götürdükləri ekipaj üzvlərinə görə birbaşa dövlət nümayəndələri ilə danışıqlar aparmaq niyyətindədirlər.

Ekspertlər piratçılığın yenidən canlanmasını neft qiymətlərinin artması və beynəlxalq diqqətin Yəməndəki husilərə yönəlməsi ilə əlaqələndirirlər. Beynəlxalq qurumlar gəmilərə Somali sahillərindən uzaq durmağı tövsiyə edir.

Seanews.az