Hücuma baxmayaraq səfər davam etdi
Ukrayna sahillərində pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalan Kamerun bayraqlı “Marquise” kommersiya gəmisi gücləndirilmiş təhlükəsizlik tədbirləri altında Bosfor (İstanbul) boğazından keçib.
Qara dənizdə baş verən insidentdən sonra gəminin boğaza daxil olması səbəbindən səhər saatlarında boğazda gəmi hərəkəti hər iki istiqamətdə müvəqqəti dayandırılıb. Əməliyyat uğurla başa çatdıqdan sonra isə nəqliyyatın hərəkəti yenidən bərpa edilib.
Gəminin təhlükəsiz keçidini təmin etmək məqsədilə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus yedək və xilasetmə gəmiləri “Marquise”i müşayiət edib. Bir neçə saat davam edən nəzarətli keçiddən sonra gəmi heç bir problem olmadan Bosfor boğazını tərk edib.
Rəsmi qurumlar hücum nəticəsində gəmiyə dəyən zərərin miqyası barədə ətraflı məlumat açıqlamasa da, hadisənin Qara dənizdə fəaliyyət göstərən kommersiya gəmilərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən artırdığı bildirilir.
Seanews.az





