Köhnə gəmi okeanın bir hissəsi oldu

128

Hind okeanının qərbində yerləşən Seyşel adaları istismardan çıxarılan “PS Topaz” patrul gəmisini süni rif və sualtı dalğıc mərkəzinə çevirərək bölgəyə daha çox turist cəlb etməyi planlaşdırır.

Ölkənin Sahil Mühafizəsində 20 il xidmət etmiş gəmi mayın 9-da keçirilən rəsmi mərasimlə batırılıb. Layihənin dəniz ekologiyasının qorunmasına və davamlı turizmin inkişafına töhfə verəcəyi gözlənilir.

Uzunluğu 46 metr olan “PS Topaz” əvvəlcə Hindistan Hərbi Dəniz Qüvvələri üçün sürətli hücum kateri kimi inşa edilib və 2005-ci ildə iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi məqsədilə Seyşel adalarına hədiyyə olunub.

Gəmi Seyşel adalarının eksklüziv iqtisadi zonasında piratçılıqla mübarizə, narkotik qaçaqmalçılığı və qanunsuz balıq ovunun qarşısının alınması üzrə bir sıra mühüm əməliyyatlarda iştirak edib. Xüsusilə 2008–2010-cu illərdə Somali piratlarının fəallaşdığı dövrdə yerli və xarici balıqçıların xilas edilməsində mühüm rol oynayıb.

“PS Topaz”ın son böyük əməliyyatı isə 2024-cü ilin yanvar ayında girovların azad edilməsi missiyası olub.

Seyşel adalarının müstəqilliyinin 50 illik yubileyi çərçivəsində balansdan silinən gəmi, turizmin ölkə iqtisadiyyatında mühüm paya malik olduğu Seyşel üçün yeni dənizaltı turizm məkanı kimi fəaliyyət göstərəcək.

Hindistan hökuməti ötən illər ərzində Seyşel adalarına “PS Constant”, “PS Zoroaster” və “PB Boudeuse” patrul gəmiləri, eləcə də hərbi təyyarələr hədiyyə edib.

Seanews.az