Gəmi tikintisində yeni texnoloji mərhələ

101

Gəmiqayırmada gövdənin yığılması nisbətən sadə mərhələ hesab olunsa da, boru xətləri, kabel sistemləri, elektrik avadanlıqları və digər daxili qurğuların quraşdırılmasını əhatə edən təchizat prosesi daha mürəkkəb sayılır. Bu mərhələdə yaranan xətalar sonradan əlavə vaxt və yüksək maliyyət tələb edən yenidənqurma işlərinə səbəb olur.

Bu problemlərin qarşısını almaq məqsədilə gəmi təchizatı prosesində qüsurların aşkarlanması və operativ aradan qaldırılması üçün süni intellekt və muxtar robot texnologiyalarına əsaslanan yeni sistem hazırlanır.

ABŞ-nin Miçiqan Universiteti və Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları gəminin real daxili konstruksiyasını onun “rəqəmsal əkiz”i ilə müqayisə edən intellektual platforma üzərində çalışırlar.

Layihəyə əsasən, inşa halında olan gəmidə hərəkət edən muxtar robotlar “LiDAR” sensorları və kameralar vasitəsilə məlumat toplayacaq. Əldə olunan məlumatlar süni intellekt modelinə ötürülərək layihə planı ilə müqayisə ediləcək və mümkün uyğunsuzluqlar müəyyən olunacaq.

Sistem boruların düzgün yerləşdirilməməsi, montaj ardıcıllığının pozulması və digər texniki qüsurları əvvəlcədən aşkar edərək tərsanə əməkdaşlarına həm hesabat, həm də alternativ həll variantları təqdim edəcək.

Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi tərəfindən 6,2 milyon dollar qrantla maliyyələşdirilən layihə “NYK Line” şirkətinin Monohakobi Texnologiya İnstitutu tərəfindən idarə olunur və gələcəkdə gəmiqayırmada vaxt və xərclərin əhəmiyyətli dərəcədə azalmasına töhfə verəcəyi gözlənilir.

Seanews.az