Mərmərə dənizində hərəkətdə olan “Hayriye Ana” quru yük gəmisi maşın şöbəsində yaranan nasazlıq səbəbindən idarəetməni itirib. Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin operativ müdaxiləsi nəticəsində gəmi təhlükəsiz şəkildə xilas edilərək Ambarlı reyd məntəqəsinə aparılıb və lövbərə vurulub.
118 metr uzunluğunda olan balker tipli gəmi Ordu şəhərinin Ünye limanından Fransaya doğru hərəkət edərkən İstanbulun Beylikdüzü sahillərində mexaniki nasazlıqla üzləşib.
Kapitanın radiodalğa vasitəsilə qəza siqnalı verməsindən sonra İstanbul Gəmi Hərəkətinin İdarə Edilməsi Xidməti dərhal xilasetmə əməliyyatına başlayıb. Hadisə yerinə “Kurtarma-8” yedək gəmisi və bələdçi kapitan göndərilib.
Hərəkətsiz qalan gəmi yedəyə alınaraq təhlükəsiz şəkildə lövbər dayanacağına çatdırılıb.
Səlahiyyətlilər bildiriblər ki, Mərmərə dənizində sıx gəmi hərəkəti şəraitində bu cür operativ müdaxilələr həm heyətin təhlükəsizliyi, həm də mümkün dəniz qəzalarının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Seanews.az





