Avropa İttifaqı (Aİ) “Horizon Europe” proqramı çərçivəsində gəmilər üçün dənizdə enerji doldurma infrastrukturunun yaradılmasına 5 milyon avro qrant ayırıb.
Layihə “Maersk” qrupuna daxil olan “Stillstrom” şirkətinin rəhbərlik etdiyi beynəlxalq konsorsium tərəfindən həyata keçiriləcək. Məqsəd lövbərdə mühərriklərini işlək vəziyyətdə saxlayan gəmilərin dənizdə elektrik enerjisi ilə təmin olunmasıdır.
“SPARK” adlı layihəyə iyun ayında start veriləcək və proqram 36 ay davam edəcək. Bu müddətdə texnologiyanın kommersiya səmərəliliyi və hüquqi-tənzimləyici mexanizmləri sınaqdan keçiriləcək.
“Stillstrom”un məlumatına görə, hazırda dünyada təxminən 200 lövbər sahəsində 6500-dən çox gəmi boş dayanır. Bu gəmilər hər il atmosferə 30 milyon tondan artıq istixana qazı və digər zərərli maddələr buraxır.
Şirkətin baş icraçı direktoru Kristian Borum Yorgensen bildirib ki, sahilə yaxın ərazilərdə lövbərdə dayanan gəmilər emissiyaların əsas mənbələrindən biridir və layihə dənizçilik sektorunun dekarbonizasiyasına mühüm töhfə verəcək.
Layihə çərçivəsində ilk dəniz enerji zonası Danimarkanın Skagen limanı yaxınlığında yaradılacaq. Gəmilər xüsusi dəniz stansiyalarına qoşularaq liman vasitəsilə ötürülən elektrik enerjisi ilə təmin olunacaq.
Seanews.az





