Fransanın mühəndislik şirkəti GTT dünyanın ilk iri həcmli üçtanklı LNG daşıyıcılarının tank sisteminin layihələndirilməsi üzrə sifariş alıb.
“BW LNG” şirkəti üçün hazırlanan layihə “HD Korea Shipbuilding & Offshore Engineering” (HD KSOE) tərəfindən icra olunur. Layihə çərçivəsində ümumilikdə dörd LNG daşıyıcısının inşası nəzərdə tutulur.
177 min kubmetr yük tutumuna malik olacaq gəmilər GTT-nin “Mark III Flex” membran sistemi ilə təchiz ediləcək. Gəmilərin 2028-ci ilin son rübündən etibarən təhvil verilməsi planlaşdırılır.
Yeni üçtanklı dizayn yükdaşıma səmərəliliyinin artırılması, əməliyyat xərclərinin və emissiyaların azaldılması məqsədi daşıyır.
Şirkətin açıqlamasına görə, yeni konstruksiya LNG-nin gündəlik buxarlanma səviyyəsini 0,08%-dək azaltmağa imkan verəcək ki, bu da istilik səmərəliliyinin yüksəldilməsinə şərait yaradacaq.
Seanews.az





