Dənizçilikdə “yaşıl enerji” innovasiyası

116

İtaliyanın təsnifat cəmiyyəti RINA Böyük Britaniyanın “Drift Energy” startapı tərəfindən hazırlanmış enerji toplayan gəmi konsepsiyasına “Approval in Principle” (AiP) sertifikatı verib.

Layihə dənizdə hərəkət zamanı bərpa olunan enerji hesabına “yaşıl” hidrogen istehsalını və onun limanlara, eləcə də digər istifadəçilərə çatdırılmasını nəzərdə tutur.

“Drift Energy” şirkətinin planına əsasən, ilk gəminin 2027-ci ildə istismara verilməsi gözlənilir. Şirkət artıq 30-dan çox gəmi üçün sifariş portfelinin formalaşdığını açıqlayıb.

Konsepsiyaya görə, gəmilər okeandakı külək enerjisindən istifadə edərək gövdəaltı hidrokinetik turbinlər vasitəsilə elektrik enerjisi istehsal edəcək. Əldə olunan enerji elektroliz prosesi ilə “yaşıl” hidrogenə çevriləcək və gəmidə saxlanılacaq.

İstehsal olunan hidrogen konteynerlərlə sahilə daşına və ya birbaşa digər gəmilərə bunker yanacağı kimi ötürülə biləcək. Layihənin əsas məqsədlərindən biri dənizçilik sektorunda karbon emissiyalarının azaldılması və alternativ enerji mənbələrinin geniş tətbiqidir.

Sistemə həmçinin süni intellekt əsaslı marşrut optimallaşdırma texnologiyası inteqrasiya ediləcək. Bu texnologiya gəmilərin ən əlverişli hava şəraitində hərəkət etməsini təmin edərək enerji istehsalının maksimum səviyyəyə çatdırılmasına imkan verəcək.

RINA bildirib ki, bu, enerji toplayan gəmi konsepsiyası üzrə verilən ilk AiP sertifikatıdır və layihənin mövcud beynəlxalq təhlükəsizlik standartlarına uyğun hazırlandığını təsdiqləyir.

Seanews.az