İyunun 5-nə keçən gecə Azov dənizində iki yük gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalması nəticəsində həlak olan Azərbaycan vətəndaşlarından biri Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1997-ci il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyevdir.
Denizxeber.az Baku TV-yə istinadən xəbər verir ki, mərhumun qardaşı Elvin Əliyev hadisə ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, Məhəmməd Əliyev uzun illərdir dənizçilik sahəsində çalışırdı və kapitan köməkçisi vəzifəsində idi.
“Qardaşım beş ildən artıq idi ki, bu sahədə işləyirdi. Özü kapitan köməkçisi idi. Bu gün səhər onun dünyasını dəyişdiyini öyrəndim. Başqa bir gəmidə işləyən dostu zəng edib bu ağır xəbəri mənə çatdırdı. Cənazənin iki günə gətiriləcəyini dedilər. İndi mən də bir qardaş kimi yolunu gözləyirəm. Evli idi, bir övladı var”, – deyə o bildirib.
Qeyd edək ki, hadisə zamanı göyərtəsində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki gəmi vurulub. Hadisə nəticəsində bir neçə nəfər həlak olub, yaralananlar isə xəstəxanalara yerləşdirilib. Araşdırmalar davam edir.





