Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələri və Cənubi Koreya Hərbi Dəniz Qüvvələri 2018-ci ildə baş vermiş radar insidentindən sonra ilk dəfə birgə axtarış-xilasetmə təlimi keçiriblər.
Denizxeber.az bildirir ki, təlim Naqasaki prefekturasına yaxın adalar ətrafında təşkil olunub və əsas məqsəd gəmi yanğınları zamanı birgə fəaliyyətin məşq etdirilməsi olub.
Təlimdə Yaponiyaya məxsus “Aegis” radar sistemi ilə təchiz edilmiş esmines və patrul helikopteri, həmçinin Cənubi Koreyanın desant gəmisi iştirak edib.
Qeyd edək ki, iki ölkə arasında ortaq hərbi dəniz təlimləri 1999-cu ildən keçirilirdi. Lakin 2018-ci ildə Cənubi Koreya esminesinin Yaponiya patrul təyyarəsinə radar şüalanması yönəltdiyi iddiasından sonra münasibətlər gərginləşmiş və təlimlər dayandırılmışdı. Seul isə hadisəni yapon təyyarəsinin hərbi gəmi üzərindən həddindən artıq aşağı hündürlükdə uçması ilə əlaqələndirmişdi.
Cari ilin yanvarında tərəflər müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə birgə təlimlərin bərpası barədə razılığa gəliblər. Təlimlərin qrafiki isə ötən ay Sinqapurda keçirilən Şanqri-La Təhlükəsizlik Dialoqu çərçivəsində açıqlanıb.





