Azovda dron hücumunun şahidləri açıqlama verdi – VİDEO

498

Azov dənizində iyunun 5-də gecə saatlarında dron hücumuna məruz qalan yük gəmilərinin ekipaj üzvləri hadisənin təfərrüatlarını açıqlayıblar.

Denizxeber.az bildirir ki, şahidlərdən biri, matros Rəşid Rəşidov Azərbaycan Televiziyasına bildirib ki, ilk hücum zamanı ekipaj üzvləri yuxudan oyadılıb və dərhal idarəetmə hissəsinə doğru hərəkət ediblər. Onun sözlərinə görə, bu zaman ardıcıl yeni dron zərbələri qeydə alınıb.

“Hücumlar başlayanda alt mərtəbələrə endik. Dron səsləri eşidilirdi və ardınca partlayışlar baş verdi”, – deyə o qeyd edib.

Digər ekipaj üzvü, mexanik Nicat Sarılı isə hadisənin ilkin anlarında vəziyyətin səbəbini anlaya bilmədiklərini bildirib. Onun sözlərinə görə, gəmi ümumilikdə bir neçə dəfə zərbəyə məruz qalıb: “Hücumlardan sonra həlak olan yoldaşlarımızın yerini müəyyən etdik, lakin həmin an onların çıxarılması mümkün deyildi, buna görə daha təhlükəsiz şərait gözlədik”.

Qeyd edək ki, iyunun 5-də gecə saatlarında Azov dənizində iki yük gəmisinə dron hücumları nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə yaralanıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.