Milli Qurtuluş Günü münasibətilə mərasim keçirildi – FOTO

102

10 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qonaq qismində professor Misir Mərdanov iştirak edib.

Denizxeber.az bildirir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə açılış sözü ilə çıxış edən ADDA-nın rektoru vəzifəsini icra edən Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayev Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışının ölkədə sabitliyin bərpasında, dövlətçiliyin möhkəmləndirilməsində və inkişaf strategiyasının formalaşmasında həlledici rol oynadığını qeyd edib. O, həmçinin, işğaldan azad edilmiş tarixi torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın vaxtilə qurtuluş günü ilə təməli qoyulan müdrik dövlətçilik siyasətinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərin məntiqi nəticəsi olduğunu vurğulayıb. E.Qocayev həmçinin professor Misir Mərdanovun müəllifi olduğu “HEYDƏR ƏLİYEV xalqa həsr olunmuş ömür” kitabını ADDA-ya hədiyyə etdiyinə görə qonağa təşəkkürünü bildirib.

Daha sonra professor Misir Mərdanov “Dirçəlişdən Zəfərə ucalan yol” mövzusunda çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək onun elmə, təhsilə və gənclərə göstərdiyi xüsusi diqqəti tədbir iştirakçılarına xatırladıb. M.Mərdanov 15 iyun 1993-cü illə bağlı şahidi olduğu müxtəlif  hadisə və məqamları, onların səbəb və nəticələrini, dövlətçiliyin qorunması yolunda Ümummilli Liderin keçdiyi çətinlikləri sistemli şəkildə gənc nəslin diqqətinə çatdırıb.

Tədbirin sonunda tələbələr qonağa çoxsaylı suallar ünvanlayıblar. Tələbələrin suallarını ətraflı cavablandıran professor Mərdanov ADDA-nın binasının əzəmətindən valeh olduğunu, bugünkü gənclərlə görüşdən və Akademiyadakı səmimi mühitdən böyük zövq aldığını dilə gətirib.