Qazaxıstanın Kurık Limanı ilə Rusiyanın Mahaçqala Dəniz Ticarət Limanı arasında imzalanan yeni əməkdaşlıq sazişi Xəzər regionunda logistika marşrutları uğrunda rəqabətin gücləndiyini göstərir. Sazişin əsas məqsədi hazırda Çin–Mərkəzi Asiya–Türkmənbaşı istiqamətində hərəkət edən yük axınlarının bir hissəsini Kurık–Mahaçqala marşrutuna yönəltməkdir.
Denizxeber.az bildirir ki, razılaşma Kurık limanında aparılan dibdərinləşdirmə işlərinin başa çatması ilə eyni vaxta təsadüf edir. Layihənin həyata keçirilməsi limanın qəbul və emal imkanlarını artırmaqla yanaşı, Orta Dəhliz üzrə tranzit yüklərin cəlb olunmasına da xidmət edir.
Hazırda Türkmənbaşı limanı Xəzərin ən iri logistika mərkəzlərindən biri olaraq qalır. 2025-ci ildə limanın yük dövriyyəsi 7,3 milyon tonu keçib. Bu göstərici Qazaxıstanın əsas dəniz limanlarının ümumi yük dövriyyəsinə yaxın səviyyədədir.
Yeni marşrutun üstünlükləri arasında sərhəd keçidlərinin sayının azalması və yükdaşımaların daha qısa logistika zənciri ilə həyata keçirilməsi göstərilir. Bununla belə, marşrutun Rusiya ərazisindən keçməsi beynəlxalq sanksiyalarla bağlı müəyyən risklər yaradır.
Ekspertlərin fikrincə, Kurık və Mahaçqala limanları Çin və Avropa arasında daşınan yüklərin bir hissəsini özlərinə cəlb edə bilsələr, Xəzər regionunda yük axınlarının coğrafiyası dəyişə və Türkmənbaşının mövcud üstünlüyü müəyyən qədər zəifləyə bilər.
Bu proses Xəzər hövzəsində limanlar arasında rəqabətin daha da artdığını və regionun beynəlxalq nəqliyyat dəhlizlərində strateji əhəmiyyətinin yüksəldiyini göstərir.







