Təcili məlumat: Volqa-Xəzər kanalında gəmilərin hərəkəti məhdudlaşdırıldı

258

Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının bir hissəsində gəmilərin naviqasiyası müvəqqəti olaraq dayandırılıb.

Denizxeber.az bildirir ki, bu barədə “Rosmorport” Federal Dövlət Unitar Müəssisəsi məlumat yayıb. Məhdudiyyətlərin tətbiqinə çətin naviqasiya şəraiti, o cümlədən regionda baş verən daşqınların fəsadları səbəb olub.

“Rosmorport”un rəsmi açıqlamasına əsasən, kanalın 151-155-ci kilometrləri arasındakı sahədə gəmilərin hərəkəti iyunun 22-si saat 00:00-dək dondurulub. Hazırda yaranmış problemin aradan qaldırılması məqsədilə yüksək performansa malik dörd xüsusi avadanlıq vasitəsilə gecə-gündüz təcili təmir və bərpa işləri həyata keçirilir.

Naviqasiyanın dəqiq bərpa olunma vaxtı barədə əlavə məlumat veriləcəyi bildirilir və gəmi sahiblərinə mövcud qrafiklərini bu məhdudiyyətə uyğun tənzimləmək tövsiyə olunur. Xatırladaq ki, Volqa-Xəzər dəniz gəmiçiliyi kanalı Volqa çayı ilə Xəzər dənizini birləşdirən və regionun logistikasında mühüm rol oynayan əsas yükdaşıma marşrutlarından biridir.