Balıq yetişdirilməsi üçün gətirilən texnologiyalara gömrük azadlığı verilir

108

Azərbaycanda balıqçılıq və süni balıq yetişdirilməsi (akvakultura) sektorunun daxili tələbata uyğun genişləndirilməsi, həmçinin sahənin investisiya cəlbediciliyinin artırılması məqsədilə dövlət tərəfindən genişmiqyaslı dəstək mexanizmləri hazırlanır.

Denizxeber.az məlumat verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.

Rəsmi məlumata görə, hazırda ölkə üzrə əmtəəlik akvakultura məhsullarının illik istehsal həcmi təxminən 4 000 ton təşkil edir. Bu göstərici ölkədaxili istehlak tələbatının yalnız kiçik bir hissəsini qarşıladığı üçün 2030-cu ilə qədər akvakultura məhsulları istehsalının həcminin ən azı iki dəfə artırılması əsas strateji hədəf kimi müəyyən edilib.

Balıqçılara subsidiyalar və idxal güzəştləri veriləcək
Mərkəzdən qeyd olunub ki, Azərbaycanda balıqçılıq sahəsinin sürətli inkişafına nail olmaq üçün hazırda ilkin mərhələdə bilavasitə istehsal həcminə bağlı subsidiyaların tətbiqi ilə əlaqədar xüsusi layihə üzərində iş aparılır. Bununla yanaşı, istehsalçıların xərclərini optimallaşdırmaq məqsədilə balıqçılıqda istifadə olunan müəyyən material və texnoloji avadanlıqların ölkəyə idxalı zamanı gömrük və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur.

Sahibkarların maliyyə resurslarına əlçatanlığını təmin etmək və istehsal risklərini sığortalamaq üçün isə gələcək illərdə akvakultura subyektləri üçün xüsusi aqrar kredit və aqrar sığorta mexanizmlərinin yaradılması planlaşdırılır.

Qanunvericilik sadələşdirilir, yeni müəssisələr qurulur
Nazirlik rəsmilərinin bildirdiyinə görə, sahəyə investorların cəlb olunmasında bürokratik əngəllərin aradan qaldırılması üçün akvakultura təsərrüfatlarının fəaliyyətinin rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədilə qanunvericiliyin tələblərinin sadələşdirilməsi vacib hesab edilir və bu istiqamətdə işlər icra olunmaqdadır.

Eyni zamanda, ölkənin damazlıq materialına (kürü və körpə balıqlar) olan tələbatının yerli istehsal hesabına ödənilməsi və təbii su bioresurslarının bərpasının təmin edilməsi məqsədilə nazirliyin tabeliyində fəaliyyət göstərən mövcud müəssisələrin müasir tələblərə uyğun yenidən qurulması nəzərdə tutulur. Bundan əlavə, respublikanın fərqli bölgələrinin iqlim və su potensialı nəzərə alınmaqla, bir neçə yeni, müasir tipli akvakultura müəssisəsinin yaradılması planlaşdırılır.