Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Üzgüçülük Federasiyası və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Üzməyi Öyrənək” layihəsinin yeddinci mərhələsinə yekun vurulub.
Denizxeber.az bildirir ki, uşaq və yeniyetmələr arasında üzgüçülük idman növünün kütləviliyini təmin etmək və onlara həyati vacib üzmə bacarıqlarını aşılamaq məqsədi daşıyan layihənin bu mərhələsi geniş coğrafiyanı və minlərlə məktəblini əhatə edib.
Layihənin VII mərhələsinin əsas statistik göstəriciləri aşağıdakı kimidir:
Əhatə dairəsi: Ölkə üzrə 25 müasir idman qurğusunda təşkil olunan proqrama 33 ümumtəhsil məktəbindən ümumilikdə 3 000 şagird cəlb edilib. Siyahıya alınmış məktəblilərdən 1 927 nəfəri təlimlərdə mütəmadi olaraq iştirak edib, 40 nəfər isə abunə əsasında məşqlərini davam etdirmək qərarına gəlib.
Gender bölgüsü: Təlimlərdə aktiv iştirak edənlərin 1 441 nəfərini (75%) oğlanlar, 486 nəfərini (25%) isə qızlar təşkil edib.
Yaş və sinif strukturu: Layihədə aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər geniş yaş qrupu təmsil olunub. İştirakçılar siniflər üzrə belə bölünüb: 1-ci sinif (128 şagird), 2-ci sinif (128 şagird), 3-cü sinif (153 şagird), 4-cü sinif (159 şagird), 5-ci sinif (272 şagird), 6-cı sinif (415 şagird), 7-ci sinif (332 şagird) və 8-ci sinif (340 şagird).
Təlimlərin keçirildiyi regionlar
Dərslər paytaxtla yanaşı, regionlardakı infrastruktur bazasında — Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, həmçinin Gəncə, Ağcabədi, Şirvan, Şəmkir, Lənkəran, Qax, Neftçala, Balakən, Şəki, Biləsuvar, Zaqatala, Tərtər, Beyləqan, İsmayıllı, Qazax, Sumqayıt, Goranboy, Tovuz, Saatlı, Cəlilabad, Qəbələ, Salyan, Qusar və Quba Olimpiya İdman Komplekslərində peşəkar məşqçilər tərəfindən aparılıb.
Mərhələnin sonunda şagirdlər arasında qazanılmış bacarıqların nümayişi məqsədilə xüsusi turnir təşkil olunub. Yarışın yekununda ilk 3 yeri tutan məktəblilərə müvafiq diplomlar, digər bütün fəal iştirakçılara isə layihəni uğurla tamamladıqlarını təsdiq edən sertifikatlar təqdim edilib.














