Xəzərdə su səviyyəsi enir: Rəsmi qurumdan narahatedici açıqlama

144

Xəzər dənizində suyun səviyyəsinin azalmasının monitorinqi və bu prosesə uyğunlaşma məqsədilə regional əməkdaşlığın hüquqi bazası bu ilin sonunadək hazırlana bilər.

Denizxeber.az bildirir ki, bunu “Reuters” agentliyinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəis müavini Əliağa Əzizov bildirib.

Əliağa Əzizov Xəzər dənizindəki ekoloji böhranla bağlı bir sıra mühüm faktları və təhlükələri diqqətə çatdırıb:

Xəzərin səviyyəsi son 5 ildə təxminən 1 metr, son 10 ildə 1.5 metr, son 30 ildə isə 2.5 metr azalıb. Hazırda enmə sürəti ildə 20-30 santimetr təşkil edir ki, bu da qlobal okean səviyyəsinin yüksəlmə sürətindən onlarla dəfə çoxdur. Səviyyənin davamlı azalmasına iqlim dəyişikliyi, yağıntıların azalması, yüksək temperatur səbəbindən buxarlanmanın artması və dənizə tökülən çayların su axınının zəifləməsi səbəb olur. Bu proses limanların fəaliyyətinə, gəmiçiliyə, balıqçılığa, sahilyanı turizmə və dənizdəki neft-qaz infrastrukturuna ciddi mənfi təsir göstərir.

Əliağa Əzizov vurğulayıb ki, bu təbii prosesi dayandırmaq mümkün deyil, ona görə də əsas hədəf mövcud vəziyyətə uyğunlaşmaqdır. Bu məqsədlə dənizkənarı beş ölkənin (Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan) birgə monitorinq, məlumat mübadiləsi və elmi tədqiqatlarını tənzimləyəcək regional hüquqi bazanın cari ilin sonunadək ərsəyə gətirilməsi gözlənilir.