Panama kanalında gəmilərin sürətli keçidini təmin edən günlük tranzit hərraclarının orta qiyməti avqust ayında 1,1 milyon dollara yüksəlib. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 dəfə çoxdur.
Denizxeber.az bildirir ki, logistika böhranı və kəskin qiymət artımı iki əsas amillə Hörmüz boğazının bağlanması nəticəsində marşrutların dəyişməsi və iqlim dəyişikliyinin yaratdığı quraqlıqla bağlıdır.
“Argus” analitik şirkətinin məlumatına görə, kanalın böyük şlüzlərindən keçid üçün orta qiymət 2,5 milyon dollara çatıb. Neopanamax tipli gəmilər üçün qiymət 3,78 milyon dollar, Panamax tipli gəmilər üçün isə 2,63 milyon dollar təşkil edir. Ötən ilin avqustunda bu göstərici cəmi 150 min dollar idi.
Əvvəllər dənizçilik şirkətləri keçidləri əvvəlcədən endirimlə bron edə bilsələr də, hazırda dəniz trafikinin təxminən 30%-i canlı hərracların nəticələri ilə tənzimlənir.
ABŞ və İsrailin İrana karşı hərbi əməliyyatlara başlaması və dünya neft tədarükünün 20%-nin keçdiyi Hörmüz boğazının qapanması qlobal yük axınını Panama kanalına yönəldib. Sakit okeanda müşahidə olunan “El-Ninyo” təbiət hadisəsi regionda güclü quraqlığa səbəb olub. Kanal administrasiyası gəmilərin suya oturum (su basımı) dərinliyini adi 15,2 metrdən sentyabrın ortasınadək 14,4 metrə endirib. Bu məhdudiyyət kanalın girişində uzun gəmi növbələrinin yaranmasına gətirib çıxarır.





