Dəniz istilasından enerji böhranı

52

Fransanın şimalında yerləşən Qravelin Atom Elektrik Stansiyasında (AES) dənizdən gələn soyutma suyuna kütləvi meduza axınının düşməsi səbəbindən 3 enerji bloku təhlükəsizlik məqsədilə fəaliyyətini dayandırıb.

Denizxeber.az bildirir ki, stansiyanın operatoru olan EDF (Électricité de France) şirkəti suqəbuledici kanalların və filtr şəbəkələrinin tıxanmasının qarşısını almaq üçün profilaktik tədbirləri işə salıb.

Stansiyanın 2, 3 və 4 saylı reaktorları meduza axını səbəbindən şəbəkədən ayrılıb. 1 saylı reaktorun gücü profilaktik rejimdə 50 faizə qədər azaldılıb. 5-ci reaktor planlı texniki xidmətdədir, 6-cı reaktor isə tam gücü ilə işləyir.

Suqəbuledici kanallarda və filtr Barabanlarında (torlarda) yaranan tıxanmaları ilkin mərhələdə aşkar etmək üçün stasionar müşahidə kameraları və xəbərdarlıq sistemləri quraşdırılıb. Həmçinin Balıqçılıq Təşkilatının gəmiləri dənizdə xüsusi torlarla meduza sıxlığını azaltmaq üçün əməliyyatlara cəlb olunub.

Şirkət mühəndislərinin bildirdiyinə görə, yeni meduza axını müşahidə olunmur və kanalların vakuum texnikası ilə təmizlənməsi işləri tamamlanmaq üzrədir. Yaxın vaxtlarda reaktorların yenidən tam güclə fəaliyyətə başlaması planlaşdırılır.

Şimal dənizi ilə birləşən kanalla soyudulan Qravelin AES ölkənin en iri nüvə obyektlərindən biridir. 6 reaktorun hər biri 900 meqavat olmaqla, stansiya ümumilikdə 5,4 giqavat elektrik energisi istehsal etmək gücünə malikdir. EDF insidentin ətraf mühitə, personala və ya obyektin nüvə təhlükəsizliyinə heç bir risk yaratmadığını vurğulayıb.