Ekologiya və həmrəylik

103

Hər il avqustun 12-də beş Xəzəryanı dövlətdə — Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanda Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü (Xəzər Günü) qeyd olunur.

Denizxeber.az bildirir ki, bu ekoloji tarixin təsisi 2003-cü ildə imzalanmış və 2006-cı il avqustun 12-də hüquqi qüvvəyə minmiş “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” (“Tehran Konvensiyası”) ilə bağlıdır. Sənəd regionda dəniz mühitinin çirklənmədən qorunması, bioloji resursların davamlı istifadəsi və ekoloji monitorinqlərin aparılmasını nəzərdə tutan ilk hüquqi sazişdir.

2018-ci il avqustun 12-də isə Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanaraq regional əməkdaşlıqda yeni mərhələ açıb.

Son 200 ildə Xəzər dənizində suyun səviyyəsi 3 dəfə qalxıb və enib. Ən kəskin düşmə 1930–1977-ci illərdə (3 metrə yaxın), son qalxma dərəcəsi isə 1978–1995-ci illərdə (2.5 metr) qeydə alınıb.

Müşahidələr Xəzərin səviyyəsinin hər 200–250 ildən bir qalxdığını göstərir. Sonuncu ən yüksək səviyyə 1805-ci ildə müşahidə olunub.

Amplituda fərqi 4 metri keçib; hazırda dəniz səviyyəsi Baltik sistemi ilə -29 metrdən də aşağıdır. Mütəxəssislərin proqnozlarına görə, suyun səviyyəsi daha 1–1.5 metr enə bilər. Əsrin ortalarına doğru (2040–2050-ci illər arasında) bu prosesin dayanacağı və təkrar qalxma fazasının başlayacağı ehtimal edilir.