ABŞ hərbi qüvvələri Sakit okeanın şərq hissəsində Ekvadorun “Los-Çoneros” narkoterror təşkilatı ilə əlaqəli olduğu iddia edilən daha bir gəmini batırıb.
Denizxeber.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.
Komandanlığın bildirdiyinə görə, kəşfiyyat məlumatları gəminin “Los-Çoneros” təşkilatı ilə əlaqəsini təsdiqləyib. Gəmidə olan şəxslər Ekvador rəsmilərinə təhvil verilib.
SOUTHCOM-un “X” platformasında yaydığı açıqlamada qeyd olunub ki, gəmidə yoxlama aparıldıqdan və heyət onu tərk etdikdən sonra ABŞ hərbçiləri gəmini batırıblar.
Məlumata əsasən, gəmidən narkotiklərin qaçaqmalçılığı zamanı üzən yanacaqdoldurma məntəqəsi kimi istifadə edildiyi iddia olunur.
ABŞ tərəfinin məlumatına görə, 2026-cı ilin avqust ayının sonundan etibarən “Los-Çoneros” üçün üzən yanacaqdoldurma məntəqəsi kimi istifadə edildiyi bildirilən azı beş gəmi batırılıb.





