Tarixi tapıntılar və dəniz arxeologiyası – VİDEO

237

Xəzərin suları altında qalan qədim Şəhri-Gürgan şəhərinin izlərinin araşdırılması istiqamətində aparılan sualtı tədqiqatlar zamanı yeni arxeoloji materiallar aşkarlanıb.

Denizxeber.az bildirir ki, AZTV-nin hazırladığı eksklüziv reportajda arxeoloq və dalğıcların iştirakı ilə aparılan sualtı qazıntı işləri nümayiş etdirilib.

Tədqiqatlar zamanı orta əsrlər dövrünə aid saxsı qab nümunələri və digər arxeoloji materiallar üzə çıxarılıb. Mütəxəssislərin sözlərinə görə, aşkar olunan nümunələr qədim şəhərin orta əsrlərdəki həyatı, məişəti və təsərrüfat fəaliyyəti haqqında yeni məlumatların əldə edilməsi baxımından əhəmiyyət daşıyır.

Bir vaxtlar Şirvanşahlar dövlətinin mühüm dəniz limanlarından biri olduğu bildirilən Şəhri-Gürgan şəhəri Xəzər dənizində su səviyyəsinin yüksəlməsi nəticəsində su altında qalıb. Ərazidə əvvəlki araşdırmalar zamanı XII–XIV əsrlərə aid müxtəlif maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Şəhri-Gürganın tarixinin öyrənilməsi istiqamətində tədqiqatlara 2008-ci ildə başlanılıb. Həm dayaz sularda, həm də sahilyanı ərazilərdə aparılan araşdırmalar zamanı müxtəlif arxeoloji materiallar qeydə alınıb. 2024-cü ildən etibarən isə sualtı dalğıc qrupu tərəfindən tədqiqatlar daha intensiv şəkildə davam etdirilir.

Reportajda yeni tapıntıların aşkarlandığı ərazi, sualtı qazıntı prosesi, arxeoloq və dalğıcların fəaliyyəti, həmçinin mütəxəssislərin aşkarlanan materiallarla bağlı fikirləri təqdim olunub.

Şəhri-Gürganın yerləşdiyi ərazi digər tarixi abidələrlə də zəngindir. Burada XIX əsrə aid Abşeron mayakı, eləcə də 4–5 min illik tarixə malik kurqanların yerləşdiyi bildirilir.

Mütəxəssislərin fikrincə, tədqiqatların davam etdirilməsi Xəzərin suları altında qalan qədim şəhərin tarixi, onun orta əsrlərdəki rolu və regionun dənizçilik həyatı ilə bağlı yeni məlumatların üzə çıxarılmasına imkan verə bilər.