Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” və “Çıraq” yataqlarının, eləcə də “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilənin imzalanmasından 32 il ötür.
Denizxeber.az bildirir ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı gün — 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.
Təxminən 400 səhifədən ibarət və dörd dildə tərtib olunan müqavilə tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Sazişdə 7 ölkəni təmsil edən 11 aparıcı neft şirkəti iştirak edib.
Müqavilənin imzalanması ilə Azərbaycanın müstəqil neft strategiyasının və doktrinasının əsası qoyulub. Bu qlobal layihə ölkənin suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını qorumaq əzmini beynəlxalq ictimaiyyətə nümayiş etdirib və dövlət müstəqilliyinin mühüm təminatlarından birinə çevrilib.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” Azərbaycanın tarixində yeni neft strategiyasının mühüm mərhələsi kimi yer alıb. Saziş həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də cəlb olunan sərmayələrin həcminə görə dünyada imzalanmış iri müqavilələr sırasına daxildir.
Bu nailiyyətlər Azərbaycan neftçilərinin fədakar əməyinin, zəngin təcrübəsinin və peşəkarlığının nəticəsidir. Neftçilərimiz hər zaman öz əzmkarlıqları və peşəkarlıqları ilə cəmiyyətdə böyük hörmət qazanıblar. Onların əməyinə və qəhrəmanlığına həsr olunan şeirlər yazılıb, mahnılar bəstələnib, filmlər çəkilib.
Neftçi əməyini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin Sərəncamına əsasən, “Əsrin müqaviləsi”nin imzalandığı 20 sentyabr ölkəmizdə həm də neftçilərin peşə bayramı kimi qeyd olunur.





