Strateji tranzit qovşağı

197

Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində mühüm nəqliyyat bağlantılarının üzərində yerləşir. Xüsusilə Xəzər dənizi vasitəsilə həyata keçirilən yükdaşımalar Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışı üçün alternativ və strateji marşrut yaradır.

Denizxeber.az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında türk iqtisadçı-ekspert Canip Nuray bildirib.

Ekspert Azərbaycanın əlverişli coğrafi mövqeyinin Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında ölkənin tranzit əhəmiyyətini artırdığını qeyd edib. Onun sözlərinə görə, son illərdə Azərbaycanın nəqliyyat infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etdirilib.

“Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər regional nəqliyyat layihələri ölkəmizin tranzit imkanlarının genişlənməsinə şərait yaradıb. Bu layihələr Mərkəzi Asiya ölkələrindən gələn yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınması üçün mühüm imkanlar yaradır. Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit potensialının daha da artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiya ölkələrinin istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasında bu marşrutun imkanlarından istifadə qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir”, – deyə Canip Nuray vurğulayıb.

Ekspertin fikrincə, nəqliyyat bağlantılarının inkişafı ilə yanaşı, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də regional iqtisadi təhlükəsizliyin mühüm elementlərindəndir. Azərbaycanın enerji infrastrukturu və beynəlxalq enerji layihələrində iştirakı onun Avropa ilə Asiya arasında enerji əməkdaşlığındakı rolunu gücləndirir.

“Azərbaycanın coğrafi mövqeyi və formalaşdırdığı müasir nəqliyyat infrastrukturu bütün üzv dövlətlər üçün yeni iqtisadi imkanlar yaradır. Xəzər dənizi üzərindən tranzit daşımaların artırılması Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışını asanlaşdırmaqla yanaşı, Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini də möhkəmləndirir”, – deyə ekspert bildirib.

Canip Nuray əlavə edib ki, gələcəkdə tranzit marşrutlarının səmərəliliyinin artırılması, limanların və dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsal gömrük və logistika sistemlərinin tətbiqi region ölkələri arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərə bilər.

Onun sözlərinə görə, Azərbaycan üzərindən həyata keçirilən nəqliyyat və enerji layihələri yalnız ayrı-ayrı ölkələrin iqtisadi maraqlarına deyil, bütövlükdə Avrasiya məkanında dayanıqlı və təhlükəsiz bağlantıların formalaşmasına xidmət edir.