Dənizin dibinə yerləşdirilən 60 beton qutunun yaratdığı möcüzə!

46

Dənizin dibinə yerləşdirilən nəhəng beton konstruksiyaların cəmi üç il ərzində balıq növlərinin sayını 12-dən 60-dan çoxa çatdıraraq nəhəng sualtı ekosistemə çevrilməsi Avstraliyada həyata keçirilən süni rif layihəsinin təbiətdə yaratdığı böyük ekoloji dəyişiklikləri üzə çıxarıb.

Denizxeber.az bildirir ki, Qərbi Avstraliyanın cənub-qərb sahillərində, Bunbury və Dunsborough şəhərləri yaxınlığında 2013-cü ildə başladılan süni rif layihəsi dənizin dibində gözlənilməz və böyük ekoloji dönüşümə səbəb olub.

Əraziyə yerləşdirilən, hər biri 3 metr uzunluğunda və 10 ton ağırlığında olan 60 xüsusi dizaynlı beton konstruksiya cəmi üç il ərzində balıq növlərinin sayını 12-dən 60-dan çoxa çatdıraraq ərazini demək olar ki, canlılar üçün böyük bir mərkəzə çevirib.

İçi boş və müxtəlif bölmələrdən ibarət şəkildə layihələndirilən bu nəhəng bloklar təsadüfi şəkildə dənizə atılmayıb. Onlar su axınlarının istiqamətini dəyişdirmək və dibdəki qida maddələri ilə zəngin suları yuxarı qaldırmaq məqsədilə xüsusi şəkildə planlaşdırılıb.

Bu mühəndislik layihəsi sayəsində qısa müddətdə planktonların sayı artıb, səthləri yosun və süngərlərlə örtülən beton konstruksiyalar isə kiçik yem balıqlarından tutmuş iri növlərə qədər çoxsaylı canlılar üçün yaşayış məkanına çevrilib.

Digər tərəfdən, oxşar nəhəng mühəndislik layihələri ilə diqqət çəkən Çin də Tsinqdao sahillərində təmiz enerji komplekslərini qorumaq məqsədilə dənizin dibinə beşmərtəbəli bina hündürlüyündə və 3 500 ton ağırlığında nəhəng beton bloklar endirərək bu sahədə sərhədləri genişləndirməyə davam edir.