Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisinin dron hücumuna məruz qalması ilə bağlı rəsmi açıqlama yayıb.
Denizxeber.az bildirir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı, 1974-cü il təvəllüdlü Rüstəm İsmayıl oğlu Həsənov həlak olub. Digər Azərbaycan vətəndaşı, 2002-ci il təvəllüdlü Məhəmməd Həmzə oğlu Süleymanzadə isə itkin düşüb. Hazırda onun tapılması istiqamətində müvafiq axtarış tədbirləri həyata keçirilir.
Gəmi heyətində olan digər Azərbaycan vətəndaşları xilas edilib, onlardan üç nəfər xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı XİN tərəfindən Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır.
Nazirliyin açıqlamasında bildirilib ki, Azərbaycan vətəndaşlarına zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşların cənazələrinin Azərbaycana gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində lazımi tədbirlər görülür.
XİN həlak olan soydaşların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb. Nazirlik, həmçinin Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, eləcə də belə ərazilərdə və riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb.





