Hərbi dəniz insidenti

61

Oktyabrın 5-də Fransanın yeganə nüvə enerjili aviadaşıyıcısı olan “Şarl de Qoll” gəmisində yanğın baş verib.

Denizxeber.az “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, hadisə gəmi Tulon hərbi-dəniz bazasında texniki xidmətdə olarkən baş verib.

Məlumata görə, gəminin heyəti dərhal yanğının söndürülməsinə başlayıb. Daha sonra Tulon bazasının yanğınsöndürənləri də hadisə yerinə cəlb olunublar. Yanğın lokallaşdırılıb və təxminən 1 saat 15 dəqiqə ərzində tamamilə söndürülüb.

Yanğın aviasiya anqarının yaxınlığında yerləşən texniki sahədə baş verib. Gəmi avqustun sonundan dekabrın əvvəlinədək texniki xidmət məqsədilə öz limanında saxlanıldığından, həmin vaxt anqarda aviasiya texnikası olmayıb.

Aralıq dənizi zonasının dəniz prefekturasının məlumatına görə, yanğının ehtimal olunan səbəbi qaz odluğundan istifadə edilməklə metal kəsmə işlərinin aparılmasıdır.

Hazırda qəza briqadaları Marseldən gələn dəniz yanğınsöndürənləri batalyonunun dəstəyi ilə hadisə yerində işlərini davam etdirirlər.

Prefektura bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb və gəminin nüvə qurğularına hər hansı təsir qeydə alınmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Şarl de Qoll” bu ilin yayına qədər Yaxın Şərqdə münaqişənin genişlənməsi təhlükəsinin qarşısını almaq məqsədilə Aralıq dənizinin şərq hissəsində fəaliyyət göstərib.