Bolqarıstan sahillərində dron hücumu: Gəmilərdən biri batdı, digəri yanğına məruz qaldı

44

Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında iki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Denizxeber.az bildirir ki, Bolqarıstan mediasının məlumatına görə, hücumların hədəfi Toqo bayrağı altında üzən “ALFA WATAN” və Palau bayrağı altında üzən “ABLE” gəmiləri olub. “ALFA WATAN” gəmisi kritik zədələr alaraq Bolqarıstan sahilindən şərqdə batıb. Onun heyətinin taleyi hələlik naməlumdur, axtarış-xilasetmə əməliyyatı aparılır.

Digər gəmi olan “ABLE”-in göyərtəsində isə hücum nəticəsində yanğın baş verib. Gəminin 18 nəfərdən ibarət bütün heyəti Bolqarıstanın “DIOSCURIA” bərəsinə təxliyə edilib. Yaralanan dənizçilərə yerində ilk tibbi yardım göstərilib.

İnsidentlə əlaqədar ölkənin Baş naziri Rumen Radev təcili iclas çağırıb. Tədbirdə müdafiə, daxili işlər, nəqliyyat, ətraf mühit və su ehtiyatları nazirliklərinin, prezident administrasiyasının və təhlükəsizlik xidmətlərinin nümayəndələri iştirak edirlər.