Dünya üzrə 2,2 milyard insan görmə pozuntularından əziyyət çəkir

60

Ümumdünya Görmə Günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə hər il oktyabr ayının ikinci cümə axşamı qeyd olunur.

Denizxeber.az bildirir ki, bu tarix korluq, görmə pozuntuları və görmə qabiliyyəti məhdud olan insanların reabilitasiyası problemlərinə qlobal diqqət çəkmək amacı daşıyır. Bu gün həm də ÜST və Beynəlxalq Korluğun Profilaktikası Agentliyinin “Vision 2020: Görmə hüququ” qlobal təşəbbüsünün əsas hadisəsidir. Builki mövzu “Gözlərinizi sevin” adlanır.

ÜST-nin məlumatına görə, dünyada təxminən 2,2 milyard insan korluqdan əziyyət çəkir və ya görmə pozuntuları ilə yaşayır; halbuki bu halların təxminən yarısının qarşısını almaq mümkün idi. Göz xəstəlikləri 19 milyondan çox uşağa təsir edir, görmə pozuntusu olanların 82 faizini isə 50 və daha yuxarı yaşda olan şəxslər təşkil edir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, sarı ləkənin degenerasiyası, buynuz qişanın bulanması, traxoma və nəzarətsiz şəkərli diabetdir.

Həkimlər görmə qabiliyyətini qorumaq üçün siqaretdən imtina etməyi, gözün torlu qişasını möhkəmləndirən qidaları (qaragilə, qara qarağat, kök, treska balığının qaraciyəri və göyərti) müntəzəm qəbul etməyi və qadcetlər qarşısında keçirilən vaxtı azaltmağı tövsiyə edirlər. Qeyd edək ki, hər il avqustun 8-də Beynəlxalq Oftalmologiya Günü də qeyd olunur.