Şəmistan Həsənov – bir ömrün dəniz salnaməsi
Dənizçilərin ömrü sahildə yaşayanların ömrünə bənzəmir. Onların həyatında illər təqvimlə deyil, keçdikləri dəniz yolları, üz tutduqları limanlar, qarşılaşdıqları fırtınalar və əmanət aldıqları gəmilərlə ölçülür. Belə ömürlərdən biri də ömrünün böyük hissəsini dənizə, gəmiçiliyə və dənizçilik peşəsinə həsr etmiş kapitan Şəmistan Həsənovun ömrü idi.
Azərbaycan dənizçilik ictimaiyyətinə ağır itki üz verib. Ömrünün 92-ci ilində tanınmış dənizçi, uzaq səfərlər kapitanı Şəmistan Həsənov dünyasını dəyişib.
13 noyabr 1934-cü ildə Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonunun Gözəldərə kəndində dünyaya göz açan Şəmistan Həsənovun həyat yolu dənizə aparan çətin, lakin şərəfli bir yol olub.
O, dənizçilik fəaliyyətinə hələ gənc yaşlarından, gəminin ocaqçısı kimi başlayıb. Sonra maşinist, matros, kapitan köməkçisi və nəhayət, gəmi kapitanı… Bu, sadəcə vəzifə pillələrini qalxmaq deyildi. Bu, zəhmətlə, təcrübə ilə, iradə və məsuliyyətlə qazanılan böyük bir peşəkar həyat məktəbi idi.
1953–1957-ci illərdə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbində gəmi sürücüsü ixtisası üzrə təhsil alan Şəmistan Həsənov 1958-ci ildə Xəzər Dəniz Gəmiçiliyində əmək fəaliyyətinə başlayıb.
Sonralar onun adı Azərbaycan dənizçilik tarixində özünəməxsus yer tutan gəmilərlə birgə çəkilib. “Berdı Kerbabayev”, “Aşıq Ələsgər” və digər gəmilərdə kapitan kimi fəaliyyət göstərib. Qara dəniz hövzəsində uzaq səfərlər həyata keçirərək İtaliya, Yuqoslaviya, Fransa, Almaniya, Portuqaliya, Misir, Əlcəzair, İspaniya, Kuba və başqa ölkələrin limanlarına üz tutub.
1977-ci ildə “Berdı Kerbabayev” gəmisini zavoddan qəbul edərək onun kapitanı təyin olunması isə dənizçilik fəaliyyətinin mühüm mərhələlərindən biri olub. O, 1987-ci ilədək bu gəmi ilə uzaq səfərlərdə olub.
Şəmistan kapitanın həyatında xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri də Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə “Sovet Naxçıvanı” gəmi-bərəsini Yuqoslaviyadakı zavoddan qəbul edərək Azərbaycana gətirməsi idi. Bu, ona göstərilən etimadın və peşəkarlığına verilən qiymətin ifadəsi idi.
2003-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Dəniz xidmətinin rəisi – liman kapitanı vəzifəsinə təyin olunması ilə onun dənizçilik təcrübəsi yeni bir istiqamətdə davam edib. Dənizdə qazandığı bilik və təcrübəni bu dəfə sahildə, liman xidmətində tətbiq edib.
Xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 2018-ci ildən Prezidentin fərdi təqaüdünü alıb. “Donanmanın fəxri işçisi” döş nişanına, “Əməkdar mühəndis” fəxri adına və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi münasibətilə təsis edilmiş medala layiq görülüb.
Mənim üçün isə Şəmistan kapitan yalnız dənizçilik tariximizdə adı olan bir şəxsiyyət deyildi. O, həm də mənim kapitanım olub.
Mən də vaxtilə “Berdı Kerbabayev” gəmisində onun rəhbərliyi altında çalışmışam. Gəmi heyətinin bir üzvü kimi kapitanın məsuliyyətini, gəmiçilik həyatının özünəməxsus qaydalarını və dənizdə kapitan sözünün nə qədər böyük məna daşıdığını yaxşı bilirəm.
Dənizdə kapitan olmaq təkcə gəmini idarə etmək deyil. O, gəmidəki hər bir insanın həyatına görə məsuliyyət daşımaq, çətin anlarda düzgün qərar vermək, fırtınalar qarşısında soyuqqanlılığını qorumaq, heyətə güvən və inam aşılamaq deməkdir.
Bu peşənin görünməyən tərəflərini yalnız dənizdə olmuş insanlar anlayar. Kapitanın körpüdə keçirdiyi gecələri, uzaq səfərlərin həsrətini, limanlar arasındakı məsuliyyətli yolu, dənizin bəzən amansız sınaqlarını…
Şəmistan kapitan da bu məktəbin yetirməsi, bu çətin və şərəfli yolun insanı idi.
İndi onun həyat gəmisinin son limana çatdığı xəbərini böyük təəssüf və kədərlə qarşılayırıq. Ancaq insanın cismani ömrü başa çatsa da, qoyduğu iz, yetişdirdiyi xatirələr və peşəsinə verdiyi töhfələr yaşayır.
Dənizdə dalğalar izləri silə bilər, amma yaxşı kapitanların xatirəsini silə bilməz.
Əziz Şəmistan kapitan, Allah Sizə rəhmət eləsin! Məkanınız cənnət, ruhunuz şad olsun. Sizinlə eyni gəmidə xidmət etmək, eyni dəniz yollarını bölüşmək mənim üçün unudulmaz bir xatirə olaraq qalacaq.
Ailənizə, doğmalarınıza, yaxınlarınıza, dostlarınıza və bütün dənizçilik ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Allah səbir versin!
Vida mərasimi: 17 noyabr 2026-cı il tarixində saat 11:00-dan 15:00-dək Heydər məscidində keçiriləcək.
Ruhunuz şad olsun, kapitan! Dənizçilik tariximizin yaddaşında adınız yaşayacaq.
Sakit Malikov






