İlk “yeləkənli” LNG tankeri hazırdır

182

Cənubi Koreyanın “Hanwha Ocean” gəmiqayırma zavodu külək mühərriki texnologiyası ilə təchiz edilmiş dünyanın ilk LNG (maye qaz) tankerinin görüntülərini təqdim edib.

“Mitsui OSK Lines” (MOL) şirkəti üçün inşa edilən gəmi iki ədəd “Wind Challenger” sistemi ilə təchiz olunub.

Tankerin cari ilin sonunadək sifarişçiyə təhvil verilməsi və daha sonra “Chevron” şirkəti tərəfindən uzunmüddətli çarter əsasında istismar edilməsi planlaşdırılır.

MOL şirkətinin tərəfdaşları ilə birlikdə son on ildə inkişaf etdirdiyi sərt yelkən texnologiyası indiyədək əsasən balkerlərdə — tökmə quru yük gəmilərində tətbiq olunurdu.

Şirkətin hesablamalarına görə, yeni LNG tankerində quraşdırılmış iki yelkən hava və dəniz şəraitindən asılı olaraq hər səfərdə yanacaq sərfiyyatını 12 faizə qədər azalda bilər.

LNG tankerində külək texnologiyasının tətbiqi texniki baxımdan mürəkkəb hesab olunur. Buna səbəb gəmidəki qaz sistemləri, təhlükəsizlik zonaları və hündürlük məhdudiyyətləridir. Bu amillər LNG sektorunun külək enerjisinə keçid prosesində digər gəmi növlərindən geri qalmasına səbəb olmuşdu.

Seanews.az