LNG mühərrikləri üçün ekoloji həll

170

Yaponiyanın gəmiçilik nəhəngi “NYK” tərəfdaşları ilə birlikdə mayeləşdirilmiş təbii qaz (LNG) ilə işləyən gəmi mühərriklərində yaranan metan sızması probleminin qarşısını almağa yönəlmiş yeni katalizator sisteminin dəniz sınaqlarına başlayıb.

“KEYS Azalea” bunker gəmisi üzərində keçirilən ilk sınaqlarda sistem atmosferə buraxılan metan emissiyalarının 90 faizdən çoxunu neytrallaşdırmağa nail olub.

Metan qazı karbon dioksidlə müqayisədə daha yüksək istilik effekti yaratdığı üçün LNG mühərriklərinin əsas ekoloji problemlərindən biri hesab olunur. “NYK”, “Mitsubishi” və “Daihatsu” şirkətlərinin birgə hazırladığı texnologiya yanmamış metanı atmosferə buraxılmadan əvvəl oksidləşdirərək zərərsizləşdirir.

Bir il davam edəcək sınaq proqramı çərçivəsində sistemin real istismar şəraitində uzunmüddətli effektivliyi qiymətləndiriləcək. Daha əvvəl quruda aparılan testlərdə təxminən 70 faiz nəticə göstərən texnologiyanın dəniz sınaqlarında 90 faizlik göstəricini keçməsi LNG mühərrikli gəmilərin ekoloji təsirinin azaldılması istiqamətində mühüm nailiyyət kimi qiymətləndirilir.

Seanews.az