Dənizçilikdə külək enerjisi dövrü

176

Mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarında dekarbonizasiya istiqamətində yeni texnoloji mərhələ başlayır. “Cryosafe Services” və “bound4blue” şirkətləri LNG tankerlərində külək enerjisindən istifadəni genişləndirmək məqsədilə strateji tərəfdaşlıq haqqında razılıq əldə ediblər.

Əməkdaşlıq çərçivəsində tətbiq olunacaq “eSAIL” texnologiyası LNG daşıyıcılarının xüsusi konstruksiyasına və terminal təhlükəsizlik standartlarına uyğun şəkildə hazırlanıb.

Sistem avtonom sovurma prinsipi ilə işləyən müasir külək hərəkət qurğularına əsaslanır. Bildirilir ki, bu texnologiya ənənəvi yelkənlərlə müqayisədə təxminən yeddi dəfə daha yüksək qaldırıcı qüvvə yaradır. Bu isə LNG tankerlərinin yüksək sürət və göyərtə imkanlarından daha səmərəli istifadə etməyə şərait yaradır.

Yeni həllin əsas məqsədi yanacaq sərfiyyatını və emissiyaları azaltmaqla gəmiçiliyin ekoloji dayanıqlığını gücləndirməkdir. Sistem artıq beynəlxalq təsnifat cəmiyyəti “DNV” tərəfindən sertifikatlaşdırılıb.

Şirkətlər qeyd edirlər ki, texnologiya yalnız ekoloji göstəricilərin yaxşılaşdırılmasına deyil, həm də gəmi sahibləri üçün əməliyyat xərclərinin azaldılması baxımından kommersiya üstünlüklərinin əldə olunmasına imkan verəcək.

Hazırda dünyanın aparıcı gəmiçilik şirkətləri tərəfindən sınaqdan keçirilən “eSAIL” sisteminin gələcəkdə LNG sektorunda daha geniş tətbiq ediləcəyi gözlənilir.

Seanews.az