Xəzər suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı layihəsi başlanıb

245

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Xəzər dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalını nəzərdə tutan yeni layihəyə start verib.

Agentliyin sədr müavini İlham Bayramov bildirib ki, layihə beynəlxalq şirkətlərin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilir.

Onun sözlərinə görə, layihə çərçivəsində ildə təxminən 100 milyon kubmetr içməli suyun istehsalı və su şəbəkəsinə ötürülməsi planlaşdırılır.

Eyni zamanda, duzsuzlaşdırma zavodundan Ceyranbatan Su Təmizləyici Qurğular Kompleksinə qədər magistral su xəttinin layihələndirilməsinə də başlanılıb. Bu infrastrukturun istismara verilməsi Bakı və ətraf ərazilərdə içməli su təminatının təxminən 25 faiz artırılmasına imkan yaradacaq.