Aktau Dəniz Akademiyasında yeni tədris korpusu istifadəyə verilib

219

Qazaxıstanın Aktau şəhərində yerləşən Ş. Yesenov adına Xəzər Texnologiyalar və Mühəndislik Universitetinin (Yessenov University) Dəniz Akademiyası üçün yeni tədris korpusunun açılış mərasimi keçirilib.

Tədbirdə Manqistau vilayətinin rəhbərliyi, Qazaxıstanın elm və ali təhsil nazirliyinin nümayəndələri, dəniz sənayesi üzrə mütəxəssislər, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Yeni korpus Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin regionlarda akademik üstünlük mərkəzlərinin yaradılması ilə bağlı tapşırığı çərçivəsində həyata keçirilən layihənin tərkib hissəsidir. Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün dənizçilik, logistika və liman infrastrukturu üzrə müasir kadr hazırlığını hədəfləyir.

Yessenov Universitetinin vəsaiti hesabına inşa olunan üçmərtəbəli tədris korpusunun ümumi sahəsi 4600 kvadratmetrdir və 900 tələbə üçün nəzərdə tutulub. Layihənin ümumi dəyərinin 1,430 milyard tenge olduğu bildirilir.

Akademiya müasir naviqasiya və mühəndislik simulyatorları ilə təchiz edilib. Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Norveçin “Kongsberg” şirkətinin istehsalı olan trenajor və proqram təminatları alınıb. Avadanlığın ümumi dəyəri 1,11 milyon avro təşkil edir.

Simulyasiya kompleksləri 300-dən çox gəmi növü üzrə naviqasiya, maşın şöbəsinin idarə olunması və real şəraitə yaxın gəmiçilik ssenarilərinin modelləşdirilməsinə imkan verir. Akademiya həmçinin IMO standartlarına uyğun tədris modulları ilə də təmin olunub.

2018-ci ildə yaradılan Dəniz Akademiyası hazırda bakalavriat və magistratura səviyyələrində ümumilikdə 10 proqram üzrə təhsil verir. Burada gəmi idarəçiliyi, gəmi enerji qurğuları, logistika və su nəqliyyatının idarə olunması kimi istiqamətlər üzrə 350 tələbə təhsil alır.

Açılış mərasimində bildirilib ki, yeni tədris kompleksinin istifadəyə verilməsi Qazaxıstanda dəniz təhsilinin inkişafında yeni mərhələ hesab olunur və regionun beynəlxalq nəqliyyat-logistika və elmi-tədris mərkəzi kimi mövqeyinin gücləndirilməsinə xidmət edəcək.