Sinqapurun Dəniz və Liman İdarəsi (MPA) gəmidən-gəmiyə ammonyak bunkerlənməsi üzrə ilk sınaq əməliyyatının həyata keçirilməsinə icazə verib.
Layihə Yaponiyanın “Itochu Corporation” şirkətinin törəmə müəssisələri tərəfindən icra olunur və gələcəkdə MOL ilə “CMB.TECH” birgə müəssisəsinin ammonyakla işləyən yeni balkerlərinin yanacaq təminatında istifadə ediləcək.
İki il müddətinə nəzərdə tutulan proqram çərçivəsində ammonyak bunkerlənməsi üçün xüsusi bunker gəmisi inşa ediləcək. Təxminən 5 min kubmetr yanacaq tutumuna malik olacaq gəminin 2027-ci ildə istismara verilməsi planlaşdırılır.
Sinqapur son illərdə alternativ dəniz yanacaqlarının tətbiqi istiqamətində aktiv siyasət yürüdür və ammonyak texnologiyalarının inkişafında aparıcı mərkəzlərdən biri hesab olunur. Ölkədə ilk ammonyak bunkerlənməsi sınaqları 2024-cü ildə həyata keçirilmişdi.
“Itochu” şirkətinin açıqlamasına görə, layihənin əsas məqsədi təhlükəsiz və ekoloji dayanıqlı ammonyak bunkerlənməsi standartlarını formalaşdırmaq, həmçinin gələcəkdə bu texnologiyanın iri beynəlxalq limanlarda kommersiya əsaslı tətbiqinə zəmin yaratmaqdır.
Mütəxəssislər hesab edirlər ki, ammonyak karbon emissiyalarının azaldılması baxımından perspektivli alternativ yanacaq növlərindən biri kimi yaxın illərdə qlobal gəmiçilik sənayesində daha geniş istifadə oluna bilər.
Seanews.az





