Bakı Enerji Həftəsinə start verildi

85

31-ci “Baku Energy Week” çərçivəsində aparıcı enerji dialoqu platformalarından biri olan “Baku Energy Forum” öz işinə başlayıb.

Forumun ilk günündə energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlər səviyyəsində sessiya təşkil olunub.

Çıxışında nazir bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə formalaşdırılan və Xəzər regionunun qlobal enerji xəritəsində mövqeyinin möhkəmlənməsinə töhfə verən bu platforma bu gün yaşıl enerji tərəfdaşlıqları və Azərbaycanın investor kimi iştirakı ilə yeni strateji mərhələyə qədəm qoyub.

O qeyd edib ki, son dövrlərdə qlobal enerji bazarlarında müşahidə olunan geosiyasi dəyişikliklər və təchizat riskləri enerji təhlükəsizliyini daha da aktuallaşdırıb və bu kontekstdə Azərbaycanın rolu artmaqdadır.

Nazir vurğulayıb ki, Azərbaycan Xəzər dənizini Qara, Aralıq və Adriatik dənizləri ilə sabit marşrutlarla birləşdirərək həm etibarlı enerji təchizatçısı kimi çıxış edir, həm də regionu Orta Dəhlizin mühüm logistika və bağlantı mərkəzinə çevirir.

Eyni zamanda, enerji keçidinin qlobal enerji təhlükəsizliyinin əhəmiyyətini azaltmadığı qeyd olunub. Bildirilib ki, neft xüsusilə nəqliyyat, sənaye və kimya sektorlarında uzun müddət əsas rolunu saxlayacaq.

Çıxışda “Azərbaycan-Türkiyə Enerji Qovşağı” və “Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi” kimi layihələrin aktiv icra mərhələsinə daxil olduğu da diqqətə çatdırılıb.