Tarixi gəminin çıxarılmasına başlanılır

304

Braziliyanın Itajai limanı giriş kanalında 130 ildən artıq müddətdir qalan “Pallas” adlı batmış gəminin qalıqlarının çıxarılması layihəsinə start verib. Layihənin əsas məqsədi limanın giriş kanalını dərinləşdirərək daha böyük gəmilərin təhlükəsiz şəkildə limana daxil olmasını təmin etməkdir.

Denizxeber.az seanews.az-a istinadən bildirir ki, 1891-ci ildə İngiltərədə inşa edilən “Pallas” daha sonra Braziliya donanmasının tərkibinə daxil olub və 1893-cü ildə Federalistlər İnqilabı zamanı batıb. Gəminin qalıqları Itajai çayında, limanın giriş hissəsində yerləşdiyindən uzun illərdir dərinləşdirmə işləri üçün maneə yaradır.

Hazırda limanın giriş kanalının dərinliyi 14 metr təşkil edir. Layihə çərçivəsində bu göstəricinin 16 metrə çatdırılması planlaşdırılır ki, bu da daha iri yük gəmilərinin qəbuluna imkan verəcək.

Liman rəhbərliyinin məlumatına görə, batığın çıxarılması yalnız gəmi qəbul imkanlarını genişləndirməyəcək, həm də manevr təhlükəsizliyini artıracaq, əməliyyatların səmərəliliyini yüksəldəcək və logistika xərclərinin azalmasına töhfə verəcək.

Təxminən 12,8 milyon dollar dəyərində qiymətləndirilən layihə federal hökumət tərəfindən maliyyələşdirilən daha geniş modernizasiya proqramının bir hissəsidir. Proqram çərçivəsində kanalın dərinləşdirilməsi ilə yanaşı, yeni körpülərin və kruiz gəmiləri üçün müasir terminalın inşası da nəzərdə tutulur.