Bakı Dəniz Limanında keçirilən görüş limanın artan yük axınlarına uyğun olaraq əməliyyatların daha da səmərələşdirilməsi və qurumlararası koordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli olub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və ADY nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə həm mövcud nəticələr, həm də gələcək inkişaf istiqamətləri nəzərdən keçirilib.
Denizxeber.az Azərbaycan Dəmir Yolları-a istinadən bildirir ki, təqdim olunan məlumatlara görə, 2026-cı ilin yanvar-may aylarında Bakı Limanı vasitəsilə 3 milyon 237 min ton yük aşırılıb. Təkcə may ayında yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % artaraq 812 min ton təşkil edib. Konteyner daşımalarında da müsbət dinamika müşahidə olunub. Belə ki, ilk beş ay ərzində 50 050 TEU konteyner aşırılıb ki, bu da ötən ilin analoji dövründən 8,4 % çoxdur.
Görüş zamanı limanda həyata keçirilən modernləşdirmə layihələri də diqqətə çatdırılıb. Xüsusilə, 7-ci körpünün ilk dəfə aktiv istismara verilməsi və 125 ton yükqaldırma qabiliyyətinə malik yeni nəsil kranın istifadəyə başlaması limanın texniki imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Müzakirələrdə yük və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi proseslərinin sürətləndirilməsi, xidmət müddətlərinin azaldılması və logistika əməliyyatlarının optimallaşdırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, rəqəmsal həllər və süni intellekt əsaslı idarəetmə alətlərinin tətbiqi yükaşırma əməliyyatlarının avtomatlaşdırılmasına və ümumi əməliyyat səmərəliliyinin artırılmasına imkan yaradır.
Görüş çərçivəsində nümayəndələr limanın infrastrukturu ilə tanış olub, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Miqrasiya Xidmətinin iştirakı ilə fəaliyyət göstərən Vahid Keçid Mərkəzinə baxış keçiriblər. Burada sənədləşmə və keçid prosedurlarının daha rahat və operativ təşkili ilə bağlı əlavə tapşırıqlar verilib.
Ümumilikdə, Bakı Limanında müşahidə olunan yük dövriyyəsinin artımı, yeni infrastrukturun istifadəyə verilməsi və rəqəmsallaşma layihələrinin genişlənməsi Azərbaycanın Xəzər regionunda mühüm logistika və tranzit mərkəzi kimi mövqeyinin daha da gücləndiyini göstərir.










