Əsaslı təmirdən sonra istismara verildi

113

ASCO-nun donanmasına daxil olan RoPax tipli “Azərbaycan” gəmi-bərəsinin əsaslı təmirdən sonra yenidən istismara qaytarılması Xəzər dənizində yük və sərnişin daşımalarının fasiləsiz və təhlükəsiz həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri çərçivəsində gəminin texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə boru və avtomatika sistemləri yenilənib, müxtəlif təyinatlı nasoslar təmir olunub. Bununla yanaşı, gəminin sualtı və suüstü hissələri, vaqon və avtomobil göyərtələri təmizlənərək yenidən rənglənib. Ekipajın yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə kayutlarda da zəruri təmir işləri görülüb.

Təmir prosesi başa çatdıqdan sonra gəmi dəniz sınaqlarından keçirilib və bütün yoxlamaları uğurla tamamlayaraq yenidən istismara buraxılıb.

2021-ci ildə istismara verilmiş “Azərbaycan” gəmi-bərəsi texniki göstəricilərinə görə Xəzər hövzəsinin ən iri bərələrindən biridir. Gəminin uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. O, eyni vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Bu tip gəmilər xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə artan yük axınlarının daşınmasında mühüm rol oynayır. Donanmanın texniki cəhətdən daim yüksək vəziyyətdə saxlanılması Azərbaycanın regional logistika və tranzit imkanlarının gücləndirilməsinə xidmət edir.