Beynəlxalq arenada növbəti nailiyyət

120

Astara rayonunun Şağlazüzə kənd tam orta məktəbinin məzunu, Azərbaycan Dövlət Dəniz Akademiyasının III kurs tələbəsi Arif Kərimli beynəlxalq səviyyədə mühüm uğura imza atıb.

Denizxeber.az bildirir ki, gənc tələbənin rəhbərlik etdiyi “Inclusive Smart Transport Platform” layihəsi dünyanın 5 qitəsindən təqdim olunan 10 mindən çox startap arasından seçilərək nüfuzlu beynəlxalq proqramın ən perspektivli layihələri sırasına daxil olub.

İctimai nəqliyyatın əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha əlçatan olmasını hədəfləyən layihə innovativ yanaşması və yüksək sosial əhəmiyyəti ilə beynəlxalq ekspertlərin diqqətini cəlb edib.

Bu uğur Azərbaycan gənclərinin innovasiya, texnologiya və sosial sahibkarlıq sahələrində qlobal miqyasda rəqabət aparmaq potensialını bir daha nümayiş etdirir.

Qeyd edək ki, Arif Kərimlinin əldə etdiyi nailiyyət həm Azərbaycan Dövlət Dəniz Akademiyasının, həm də ölkə gənclərinin beynəlxalq arenadakı uğurları sırasında xüsusi yer tutur.