Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümü ilə əlaqədar əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını tövsiyə edib.
Denizxeber.az bildirir ki, qurumun məlumatında bildirilir ki, bəzi vətəndaşlar çimərliklərdə mövcud təhlükəsizlik qaydalarına riayət etmirlər ki, bu da riskli vəziyyətlər yaradır.
FHN xüsusilə aşağıdakı halların qadağan olduğunu xatırladıb:
- Çimərlik kimi nəzərdə tutulmayan yerlərdə (kanal, çay və s.) çimmək
- İşarələnmiş təhlükəsiz zona sərhədlərindən kənara üzmək
- Küləkli havada dənizə girmək
- Çimərlikdə gecələmək
- Sərxoş halda suya daxil olmaq
- Suda kobud hərəkətlər etmək
- Xilasetmə vasitələrindən başqa qayıq və kiçik gəmilərlə çimərlik ərazisinə daxil olmaq
Bildirilib ki, valideynlər uşaqlara nəzarəti gücləndirməli, xəbərdaredici nişanlara və xilasedicilərin göstərişlərinə mütləq əməl olunmalıdır.
Həmçinin qızmar günəş altında uzun müddət qalmaq və hava qaraldıqdan sonra suya girmək də sağlamlıq və təhlükəsizlik baxımından riskli hesab olunur.
FHN vətəndaşları ehtiyatlı olmağa və qaydalara əməl etməyə çağırıb.





