Blokların hərəkəti zamanı koordinasiya və peşəkarlıq

184

Dəqiqlik, koordinasiya və yüksək peşəkarlıq iriölçülü blokların təhlükəsiz hərəkəti zamanı uğurlu nəticənin əsas şərtləridir. Xüsusi daşıma platformaları (SPMT – özüyeriyən modullu qoşqular) vasitəsilə həyata keçirilən bu mürəkkəb əməliyyat müasir blok-modullu gəmi inşasının ən vacib mərhələlərindən biri olmaqla, mühəndislik dəqiqliyini, yüksək texniki hazırlığı və mükəmməl komanda işini özündə birləşdirir.

Denizxeber.az bildirir ki, xəzər regionunun ən böyük gəmiqayırma müəssisəsi olan Bakı Gəmiqayırma Zavodunda (Baku Shipyard) hər bir bu növ logistik və istehsalat əməliyyatı təhlükəsizlik (HSE), yüksək keyfiyyət və əvvəlcədən planlaşdırılmış icra prinsiplərinə tam uyğun şəkildə həyata keçirilir. Zavodun Hull (korpus) və montaj sexlərində hazırlanan yüzlərlə tonluq nəhəng gəmi hissələrinin quraşdırma sahəsinə və ya quru doka daşınması prosesi gələcəyin dənizçilik layihələrinin möhkəm təməlini formalaşdırır.

Müasir gəmiqayırma metodologiyasına əsasən, gəmilər artıq bütöv deyil, ayrı-ayrı böyük bloklar (modullar) şəklində quru sexlərdə quraşdırılır və daxili boru, elektrik sistemləri ilə təchiz edildikdən sonra xüsusi platformalarla daşınaraq ümumi korpusa inteqrasiya olunur. Bu yanaşma həm inşa müddətini kəskin azaldır, həm də işin keyfiyyətini maksimum səviyyəyə çatdırır. Müəssisədə tətbiq olunan qabaqcıl texnologiyalar və peşəkar kadr potensialı Azərbaycanda dəniz sənayesinin regional və qlobal rəqabətədavamlılığını uğurla təmin etməkdədir.