Dənizçilik təhsilimizin 30 illik zirvəsi

553

Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illiyinə

Səkkizinci yazı

1991-ci ildə Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini elan etməsi ilə Xəzər gəmiçiliyinin salnaməsində yeni bir səhifə açıldı. 1992-ci il yanvarın 24-də Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nəqliyyat və rabitə müəssisələrinin Azərbaycan Respublikasının yurisdiksiyasına verilməsi haqqında” tarixi qərar qəbul etdi. Beləliklə, 70 illik fasilədən sonra gəmilərimiz yenidən Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağı altında səfərlərə çıxmağa başladı.

Lakin müstəqilliyin ilk illəri dövlətimiz, eləcə də Xəzər gəmiçiliyi üçün kifayət qədər ağrılı və çətin keçdi. Azərbaycan bayrağı altında üzən gəmilərə Rusiyanın daxili su yollarından keçməyə qadağanın qoyulması nəticəsində Xəzər Dəniz Gəmiçiliyi hər il təxminən 3 milyon ABŞ dolları məbləğində zərərə uğrayırdı. Rusiya ilə dəmir yolu əlaqəsinin tamamilə kəsilməsi isə daha böyük fəsadlar yaratdı: Bakıdan Mərkəzi Asiya respublikalarına və İrana daşınan tranzit yük axını, demək olar ki, dayandı. Mövcud tonnajla real yük həcmi arasında mütənasibliyin pozulması, 150 min ton ümumi dedveytə malik və 16 milyon tondan artıq yük daşıma qabiliyyəti olan nəqliyyat donanmasının fəaliyyətini iflic vəziyyətinə saldı. Bu iqtisadi çətinliklərin üzərinə sərnişin daşımalarının kəskin azalması da əlavə olundu. Xüsusilə 1992-ci il yanvarın 8-də Krasnovodsk (İndiki Türkmənbaşı) – Bakı xəttində işləyən “Sovet Kalmıkiyası” gəmi-bərəsində törədilən, 25 nəfərin ölümü və 88 nəfərin yaralanması ilə nəticələnən qanlı erməni terroru sərnişin axınına ciddi zərbə vurdu.

Bu qlobal böhran dəniz sahəsinin ahəngdar bir mexanizm kimi fasiləsiz və keyfiyyətli fəaliyyətini təmin edən peşəkar kadr heyətinin hazırlanması işində də özünü büruzə verməkdə idi. Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə dənizçilik ixtisasları üzrə ali kateqoriyalı mütəxəssislərin hazırlanması, əsasən, Novorossiysk Ali Dənizçilik Məktəbinin və Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun filialları vasitəsilə həyata keçirilirdi. Orta və kiçik heyət üzvlərini isə məhz Bakı Dəniz Yolları Məktəbi hazırlayırdı. Lakin Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialı hələ 80-ci illərin sonunda bağlanmışdı. Kadrların Novorossiyskdə hazırlanması isə müstəqillik yolunda kövrək addımlarını atan və iqtisadi blokadada olan respublikamız üçün tamamilə qeyri-rentabelli idi. Çünki bu proses həm əhəmiyyətli dərəcədə valyuta xərcləri tələb edir, həm də yuxarı kurs tələbələrinin təhsilini başa vurmaları və diplom müdafiəsi üçün Novorossiysk şəhərinə ezam olunması imkanının yoxluğu ilə müşayiət olunurdu.

Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi yaranmış mürəkkəb vəziyyətdən yeganə çıxış yolunu dənizçilik ixtisasları üzrə ali təhsilli kadrların hazırlanmasını təmin edəcək yerli təhsil ocağının yaradılmasında görürdü.  Bu addım həm də suveren dövlətimizin strateji xəttinə tam cavab verirdi. Lakin Gəmiçilik rəhbərliyinin həmin dövrdə aidiyyəti qurumlara ünvanladığı müraciətlər nəticəsiz qalırdı.    

Acınacaqlı reallıq yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə köklü surətdə dəyişdi. Ölkə rəhbərinin milli donanmamızın qorunub saxlanılması, onun səmərəli istifadə olunması və yüksəkixtisaslı yerli kadrların hazırlanması ilə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqe Gəmiçiliyin həyatında əsl dönüş nöqtəsi oldu.

Ümummilli Liderin dühası və əzmkarlığı sayəsində “Əsrin müqaviləsi”nin reallaşması, “Böyük İpək yolu”nun bərpası, Avrasiya nəqliyyat dəhlizinin istismara verilməsi kimi irimiqyaslı layihələr Gəmiçiliyə Xəzərdə öz aparıcı mövqeyini qorumağa, regional yükdaşımalar bazarını formalaşdırmağa və yük həcmini sürətlə artırmağa geniş imkanlar açdı.

“Böyük İpək Yolu”nun bərpasına həsr olunmuş Beynəlxalq konfrans.

Bakı, 10 sentyabr 1998-ci il.

Paralel olaraq, 1995-ci ilin mayında Azərbaycan Respublikası Beynəlxalq Dəniz Təşkilatına (IMO) üzv olaraq bir sıra mühüm beynəlxalq konvensiyalara qoşuldu.

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalardan biri.

Nəhayət, dənizçilərimizin ali təhsillə bağlı üzləşdikləri problem də öz həllini tapdı. Gəmiçiliyin rəhbərliyi Dəniz Akademiyasının yaradılması ilə əlaqədar Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Dəniz nəqliyyatının işinin təşkilini incəliklərinə qədər bilən Ümummilli Liderin bilavasitə dəstəyi ilə 1996-cı il iyulun 15-də Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 91 №-li qərarı imzalandı. Çox keçmədi ki, bu təhsil ocağının statusu beynəlxalq miqyasda da təsdiqləndi: 2000-ci ilin yanvar ayında Beynəlxalq Dəniz Təşkilatı (IMO) bu ali təhsil müəssisəsini Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Komitəsinin 30-cu sessiyasında rəsmən tanıdı.

2000-ci il iyulun 1-də isə Azərbaycan Dövlət Dəniz Akademiyasında ilk məzunların dövlət imtahanı baş tutdu.

İmtahanlar məzunların təhsildə nə dərəcədə uğur qazandıqlarını göstərdi. “Gəmi sürücülüyü” fakültəsinin altı tələbəsi – Qabil Abbasov, Ramin Rəhmanov, Yalçın Muradov, Rövşən Hacıyev, Şəmsi Salahov və Kamran Cəfərov – buraxılış işlərini ingilis dilində müdafiə etdi. Onlar komissiya üzvlərinə Mahaçqala – Neka, Mahaçqala – Həştərxan, Türkmənbaşı – Aktau, Aktau – Okarem, Bakı – Okarem və s. marşrutlar üzrə reyslərin hərtərəfli işlənilməsi, gəmilərin naviqasiya marşrutunun qurulması, kursun ulduzlara görə müəyyən edilməsi və gəmi quruluşunu “General Səlimov”, “Abşeron”, “Nəriman Nərimanov”, “Araz” və digər tankerlərin nümunəsində necə öyrəndikləri barədə ətraflı məlumat verdilər. Komissiya bu məzunların dənizçilik ingilis dilini yaxşı bildiklərinə görə onların imtahan qiymətinə bir bal əlavə etməyi lazım bildi.

Dəniz Akademiyasında dövlət imtahanları iyulun 1-də başlayıb, onunda tamamlandı. Komissiya əyani şöbənin 80 məzununa beş ixtisas üzrə bakalavr dərəcəsi, qiyabi şöbənin məzunu olan dənizçilərə isə dəniz nəqliyyatı mühəndisi adı verdi. Üç məzun ali təhsil ocağını qırmızı diplomla bitirdi: Qabil Abbasov (“Gəmi sürücülüyü” ixtisası), Aydın Qafarov (“Gəmi radioavadanlığının texniki istismarı” ixtisası) və Elsevər Həsənov (“Gəmi elektrik avadanlığı və avtomatika” ixtisası).

İlk məzun buraxılışı 158 gənc mütəxəssisi dənizçilik dünyasına hazırlamaqla təkcə yeni bir təhsil ocağının uğurunu təsdiqləmədi; bu, eyni zamanda Azərbaycanın müstəqil dəniz dövləti kimi öz kadr suverenliyini tam təmin etməsinin göstəricisi oldu.

XIX əsrin sonunda – 1881-ci ildə cəmi bir neçə tələbənin əyləşdiyi darısqal Bakı dənizçilik sinifindən başlayan çətin və şərəfli yol XXI əsrin astanasında möhtəşəm bir Akademiyaya gətirdi. İndi Azərbaycan Dövlət Dəniz Akademiyasının yetişdirdiyi yüksəkixtisaslı kadrlar müstəqil Azərbaycanın gəmiçilik tarixinə öz imzalarını qoyurlar. Və bu salnamə heç vaxt bitməyəcək, çünki hər zaman dalğalar hərəkətdə, Azərbaycan dənizçisi isə əzmlidir!

Sevda Abdullayeva

İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi