Ekologiya və əməkdaşlıq – FOTO

71

Hər il avqustun 12-də qeyd olunan Xəzər Günü (Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü) münasibətilə Qazaxıstanda “Caspian Sea Action Week 2026” Beynəlxalq Könüllülər Həftəsi təşkil olunub.

Denizxeber.az-ın Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla verdiyi məlumata görə, layihə “Təzə Qazaxıstan” ətraf mühit mədəniyyətinin inkişafı konsepsiyası çərçivəsində baş tutub. Tədbirlərdə Xəzəryanı ölkələrin — Azərbaycan, Rusiya, İran və Türkmənistanın nümayəndə heyətləri ilə yanaşı, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan ekoloqlar, könüllülər, alimlər və gənclər iştirak ediblər.

Xəzəryanı ölkələrin mütəxəssisləri dənizin unikal ekosistemini qorumaq, müasir ekoloji monitorinq texnologiyalarını tətbiq etmək və elmi əməkdaşlığı gücləndirmək mövzusunda təcrübə mübadiləsi aparıblar. Aktauda “Xəzər təmizlik çağırışı” beynəlxalq aksiyası keçirilib. Könüllülər sahil xəttini tullantılardan təmizləyib, çeşidləmə işləri aparıblar. Həmçinin 80-dən çox ağac əkilib və gələcək nəsillərə mesajları ehtiva edən “Zaman kapsulu”nun qoyulduğu “Xəzər regionu könüllülərinin dostluq xiyabanı” açılıb.

İştirakçılar Xəzər ekosisteminin mühafizəsinə yönəlmiş innovativ layihələr hazırlayaraq ekspert münsiflər heyətinə təqdim ediblər. Həftənin yekun tədbiri kimi beynəlxalq könüllülər sammiti təşkil olunub. Sammit çərçivəsində hakaton qalibləri mükafatlandırılıb, həmçinin dənizin mövcud ekoloji problemlərinə həsr olunmuş panel sessiyası keçirilib.