Yaşıl enerji dəhlizində irəliləyiş

92

“Green Energy Corridor Power Company” (“GECO Power”) birgə müəssisəsi və İtaliyanın konsaltinq şirkəti CESI “Yaşıl enerji dəhlizi” (“Black Sea Energy”) layihəsinin həyata keçirilməsi üzrə növbəti addımları müəyyən ediblər.

Denizxeber.az bildirir ki, şirkətlər layihənin texniki və iqtisadi işçi qruplarının nümayəndələrinin iştirakı ilə texniki-iqtisadi əsaslandırma mərhələsindən layihənin işlənib hazırlanmasına keçid üçün zəruri olan əsas tədbirlərə həsr olunmuş “Workstream 2” (2-ci iş axını) üzrə xüsusi müşavirə keçiriblər.

Müzakirələr zamanı inkişaf və satınalma strategiyasına yanaşmalar, eləcə də iştirakçı ölkələr və layihə tərəfdaşları arasında qarşıdakı tədbirlərin əlaqələndirilməsi daxil olmaqla, növbəti mərhələnin əsas texniki, iqtisadi və təşkilati aspektlərinə baxılıb.

“GECO Power”dan vurğulayıblar ki, “Workstream 2” onun nəticələrinin strukturlaşdırılmış inkişaf proqramına çevrilməsi və “Yaşıl enerji dəhlizi” layihəsinin həyata keçirilməsinin gələcək yolunun müəyyənləşdirilməsi üçün mühüm mərhələ olacaq.

Xatırladaq ki, bu layihənin həyata keçirilməsi 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş çərçivəsində nəzərdə tutulub. Qeyd olunan sənəd Avropa istiqamətində “Yaşıl enerji dəhlizinin” yaradılmasına doğru mühüm addım olub.

Xəzər-Qara dəniz-Avropa “yaşıl dəhliz”i layihəsi üzrə birgə müəssisə 2023-cü il iyulun 25-də Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanmış anlaşma memorandumu əsasında təsis edilib. Qara dəniz sualtı kabeli layihəsi Gürcüstan və Rumıniyanın birbaşa birləşməsini təmin edəcək və Cənubi Qafqaz ilə Cənub-Şərqi Avropanın enerji sistemlərini birləşdirəcək ən böyük infrastruktur təşəbbüsüdür.

Sualtı kabelin uzunluğu suyun altı ilə 1 115 km, quru ilə 40 km, gərginliyi – 525 kV, ötürmə gücü isə – 1 300 MVt təşkil edəcək. Qara dənizdən keçən sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatdırılması planlaşdırılır. Layihə Avropa İttifaqının “Qarşılıqlı maraq doğuran layihələr” (PMI) siyahısına daxil edilib. Avropa Komissiyası onun həyata keçirilməsinə 2,3 milyard avro yönəltmək niyyətindədir.