Dibdərinləşdirmə işlərinə start veriləcək

246

2026-cı ilin sonlarında Xəzər dənizində beynəlxalq tərəfdaşlarla birlikdə dəniz dibinin dərinləşdirilməsi işlərinə başlanılması planlaşdırılır.

Denizxeber.az bildirir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin baş direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliklər qlobal ekoloji çağırışdır və bütün Xəzəryanı ölkələr üçün aktual məsələdir.

E.Salahov bildirib ki, hazırda Xəzərin səviyyəsinin enməsi ilə əlaqədar Bakı Limanında texniki və gəmi qəbulu ilə bağlı hər hansı məhdudiyyət müşahidə olunmur. Bununla belə, liman mümkün risklərin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir.

Baş direktor qeyd edib ki, dəniz dibinin dərinləşdirilməsi ilə bağlı yay aylarında beynəlxalq tender elan edilib və hazırda tenderin nəticələri qiymətləndirilir.

“Yaxın günlərdə yekun müqavilə şərtlərinin razılaşdırılması nəzərdə tutulur. Düşünürəm ki, 2026-cı ilin sonlarında artıq Xəzər dənizində fiziki olaraq beynəlxalq tərəfdaşlarla birlikdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq”, – deyə E.Salahov bildirib.

Onun sözlərinə görə, dəniz dibinin dərinləşdirilməsi layihəsinin təxminən 1 il 6 ay davam etməsi nəzərdə tutulur.

“Bununla bağlı bütün texniki hazırlıq işləri, dəniz dibinin öyrənilməsi və batimetriya tədbirləri tərəfimizdən həyata keçirilib. Bu, qabaqlayıcı tədbirdir. Hazırda dəniz səviyyəsinin dəyişməsi ilə bağlı limanda texniki və gəmi qəbulu baxımından hər hansı məhdudiyyət yoxdur”, – deyə baş direktor əlavə edib.