Timsahlarla yarış

50

2032-ci il Olimpiya Oyunlarında akademik avarçəkmə, kayak və kanoe yarışlarının Avstraliyanın Rokhempton şəhərində, timsahların məskunlaşdığı Fitsroy çayında keçirilməsi planlaşdırılır.

Denizxeber.az bildirir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.

Kvinslend ştatının hakimiyyət orqanları yarışların keçiriləcəyi məkanın müstəqil texniki yoxlamadan uğurla keçdiyini və təsdiqləndiyini açıqlayıb.

“Hər şey rəsmidir, imzalanıb və həll olunub”, – deyə ştatın baş naziri Devid Krisafulli bildirib.

Fitsroy çayının seçilməsi hələ 2025-ci ildə mübahisələrə səbəb olub. Olimpiya çempionu Dryu Qinn də daxil olmaqla, 500-dən çox avarçəkən çayın axınını, daşqın riskini və digər xüsusiyyətlərini əsas gətirərək yarışların başqa məkanda keçirilməsini tələb edib.

Hazırda hakimiyyət orqanları yarışların təşkili üçün zəruri infrastrukturun layihələndirilməsinə başlayacaqlar. Çayda səkkiz zolaqlı, iki kilometr uzunluğunda yarış trasının yaradılması nəzərdə tutulur. İlkin qiymətləndirmələrə görə, çayın genişləndirilməsinə və ya dərinləşdirilməsinə ehtiyac olmayacaq.

Qeyd edək ki, Kvinslenddə iri ölçülü və ya təhlükəli davranış nümayiş etdirən timsahların yaşayış məntəqələrindən kənarlaşdırılmasını nəzərdə tutan timsahlara nəzarət proqramı fəaliyyət göstərir.