Sualtı irs – FOTO – VİDEO

118

Türkiyənin Antalya vilayətinin Adrasan bölgəsinin ərazi sularında aparılan axtarışlar zamanı təxminən 2100 il əvvələ aid gəmi qalıqlarında minlərlə keramika məmulatı aşkar edilib.

Denizxeber.az bildirir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bununla bağlı açıqlama verib.

Nazirin sözlərinə görə, gəmi qalıqlarında çoxlu sayda boşqab və kasa aşkarlanıb. Keramika məmulatlarının taxta sandıqlara yerləşdirilərkən aralarına qoyulan gil sayəsində minilliklər ərzində yaxşı vəziyyətdə qaldığı bildirilir.

Tapıntılar arasında çərəz boşqabları, şorba və balıq kasaları, eləcə də müxtəlif ölçülü nimçələr olmaqla, 122 fərqli forma və ölçüdə keramika nümunəsi müəyyən edilib.

Keramika məmulatlarının Hatay vilayətinin Arsuz rayonunun qədim adı olan Rhosus ərazisində istehsal edildiyi ehtimal olunur. Bu məhsulların qədim Romada tanındığını göstərən tarixi məlumatlar da mövcuddur. Roma dövlət xadimi və natiq Siseronun eramızdan əvvəl 50-ci ildə dostu Attikusa yazdığı məktubda Rhosusdan keramika qabları sifariş etdiyi bildirilir.

Gəmi qalıqlarında Egey dənizindəki bəzi adalarda istehsal edildiyi düşünülən amforalar və Antakya mənşəli sikkələr də aşkar olunub. Bu tapıntılar gəminin eramızdan əvvəl I əsrin ortalarında Antakya, Egey dənizi, Yunanıstan və İtaliya sahilləri arasında fəaliyyət göstərən ticarət marşrutundan istifadə etdiyini göstərir.

Arxeoloqlar gəminin Arsuzdan yola çıxaraq Roma istiqamətində hərəkət etdiyi və fırtına zamanı batdığı qənaətindədirlər. Adrasan sahillərində, dənizin 42–55 metr dərinliyində aparılan arxeoloji qazıntılar sualtı robotların dəstəyi ilə davam etdirilir.